Əlaqə: (012) 497-46-21 [email protected]

ATV.AZ×

Orfoqrafiya qaydaları təsdiqləndi - Bu sözlər belə yazılacaq

Orfoqrafiya qaydaları təsdiqləndi - Bu sözlər belə yazılacaq
   1702 dəfə oxunub
"Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib.
 
ATV.az  xəbər verir ki,  Baş nazir Novruz Məmmədovun qərarına əsasən, yeni Normaların təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli qərarı ilə təsdiqlənən  "Azərbaycan dilinin orfoqrafiya qaydaları” ləğv edilib.
 
Yeni normalar isə belədir.
 
 1.   Azərbaycan mənşəli sözlərin yazılışı 
 
1.1. Azərbaycan dilinin lüğət tərkibindəki Azərbaycan mənşəli sözlər, əsasən, tələffüz edildiyi kimi yazılır: addım, dəniz, gəlin, günəş, qoşun, oğul, qaranquş və s.
 
1.2. Son səsi [x], bəzən də [ğ] kimi tələffüz olunan Azərbaycan mənşəli sözlər q hərfi ilə yazılır: ayaq, bar­maq, bulaq, dayanacaq, qatıq, qonaq, qorxaq  və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda q~ğ əvəzlənməsi baş verir: ota­­­ğa, bulağın, qonağımız və s.
 
1.3. Son səsi [xʹ] kimi tələffüz olunan çoxhecalı Azərbaycan mənşəli sözlər k hərfi  ilə yazılır: bilək, birlik, külək, ürək, üzərlik, üzük və s. Bu qəbildən olan sözlərə saitlə başlanan şəkilçi qoşulduqda k~y əvəzlənməsi baş verir: biləyi, bir­li­yimiz, ürəyim,  üzüyün  və s.
 
Qeyd.  Son səsi [k]  kimi  tələffüz  olunan  alınma  sözlərə  saitlə başlanan  şəkilçi qoşulduqda heç bir dəyişiklik baş vermir:  əmlak – əmlaka,  iştirak – iştirakımız, şərik – şəriki və s.
 
1.4. Son səsi [t], bəzən də [d] kimi tələffüz olunan çoxhecalı Azərbaycan mənşəli sözlər d hərfi ilə yazılır: bulud, palıd, söyüd  və s.
 
1.5. Son səsi [ç], bəzən də [c] kimi tələffüz olunan sözlər c hərfi ilə yazılır: qılınc, ülgüc, kərpic və s.
 
                                         2. Alınma sözlərdə saitlərin yazılışı
 
 2.1. Tərkibində o hərfi olan alınma sözlər [a] və ya [o] ilə tələffüz edilməsindən asılı olma­ya­raq, o ilə yazılır: avtomat, kollec, kollektiv, laborant, Moskva, motor, obyekt, Odessa, poema, poeziya, problem, pro­fes­sor, solist, velosiped və s.
 
2.2. İkinci hecasındakı saiti [i], bəzən də [ü] kimi tələffüz olunan ərəb mənşəli sözlər tarixi-ənənəvi prinsipə əsasən i ilə yazılır: külli, müdir,  müdrik, müflis, müxbir, müxlis, münbit, münsif, mürid, mürşid, müsibət və s.
 
Qeyd.  Mühüm, müşkül  və üfüq sözlərindəki ikinci heca ü hərfi ilə yazılır.
 
2.3. Mənbə dildə [u] saitli alınma sözlər ü hərfi ilə yazılır: bülleten, büro, jüri, karbürator, kompüter,  paraşüt, süjet, şlüz və s.
 
2.4. Mənbə dildə a hərfi ilə bitən alınma sözlər iki cür yazılır:
 
2.4.1. aksiom, anket, ap­tek, atmosfer, diaqram, diaspor, fab­­rik, fonem, kaset, kayut, konfet, kontor, qəzet, qrafem, qravür, leksem, lent, ma­şın, perspektiv, planet, proqram, pyes, reklam, rezin, sistem, sis­tern, sitat, teorem, vitrin və s. kimi sözlərin sonunda a hərfi yazılmır;
 
Mənbə dildə tərkibində qoşa b, p, n və m samitləri olan aşağıdakı sözlərin sonunda a ilə yanaşı, qoşa samitlərdən biri də atılır: abreviatur, qrup, ton, diaqram, stenoqram və s.
 
2.4.2. botanika, doktrina, forma, kamera, qram­ma­tika, norma, poetika,  poeziya, respublika, taktika və s. kimi sözlərin sonunda a yazılır.
 
2.5. Mənbə dildə birhecalı sözlər iki cür yazılır:
 
2.5.1. iki saitlə yazılanlar: cisim, eyib, ətir, feil, fəsil, fikir, heyif, isim, izin, qəbir, qədir, qisim, meyil, nəsil, ömür, səbir, sətir, sinif, şeir,  şəkil, zehin və s.;
 
2.5.2. bir saitlə yazılanlar: cəbr, əmr,  həbs, həsr, hökm, hüsn, hüzn, kəsr, qəbz, qəhr, qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr, üzr, üzv, zülm və s.
 
                         3. Alınma sözlərdə samitlərin yazılışı 
 
3.1. Rus dilində tərkibində ц hərfi olan alınma sözlərin ya­zı­lışında aşağıdakı qaydalar əsas götürülür:
 
3.1.1. ümumi isimlər s hərfi ilə yazılır: aseton, dosent, konsert, lisey, kulminasiya, aksiya, sement, sirk və s.;
 
Qeyd. Metso, vitse morfemləri və blits, ratsiya  və s. sözlər istisnadır.
 
3.1.2. xüsusi isimlərdə sözün əvvəlində s (Setkin, Siolkovski və s.), sözün ortasında və axırında isə ts (Motsart, Muromets, Vorontsov  və s.) yazılır.
 
3.2. Rus dilində tərkibində щ hərfi olan alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:
 
3.2.1. sözün əvvəlində və sonunda işlənən щ hərfi əvəzinə ş yazılır: Şedrin, Şerba, Şors, borş və s.;
 
3.2.2. ortasında щ hərfi olan sözlər qoşa ş ilə yazılır: meşşan, Vereşşagin və s.
 
3.3. H samiti ilə başlanan alınma sözlər h ilə yazılır: Haaqa, Hamburq, har­mo­ni­ya, Havana, Hegel, hektar, Heyne, hidrogen, hippodrom, hospital, humanizm və s.
 
3.4. Birinci və ikinci hecasındakı samiti həm [m], həm də [n] kimi tələffüz olunan alınma sözlər n ilə yazılır: anbar, günbəz, İstanbul, qənbər, sünbül, şənbə, tənbəl, zanbaq, zənbil və s. 
 
3.5. -iy, -skiy ilə bitən xüsusi isimlərin sonundakı y yazılmır: Qordlevski, Qorki, Mayakovski, Yaroslavski və s.
 
3.6. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium və s.
 
3.7. Əsli [c] samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya və s.
 
3.8. Əsli [q] samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialek­to­lo­giya, general, genezis, geologiya, gigiyena, etimologiya, gitara və s.
 
3.9. Əsli w samitli alınma sözlər v hərfi ilə yazılır: veb-sayt, Vilyam, vörd və s.
 
3.10. Son səsi [kʹ] kimi tələffüz olunan bir qrup alınma sözlər q hərfi ilə yazılır: filoloq, ittifaq, müstəntiq, natiq, şəfəq, üfüq, vərəq və s. Bu qəbildən olan sözlərin sonuna saitlə başlanan şəkilçi qoşulduqda, yazıda heç bir də­yi­şik­lik baş vermir: filoloqa, şəfəqi, üfüqə və s.
 
                                4. Qoşasaitli və qoşasamitli sözlərin yazılışı
 
 4.1. Kökündə eynicinsli qoşa və müxtəlifcinsli sait işlənən alınma sözlər qoşa saitlə yazılır: ailə, bədii, camaat, əcaib, əmtəə, ideal, maaş, müalicə, okean, saat, stadion, zəif və s.
 
4.2. Hecalarından biri [p] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [b] kimi tələffüz olunan sözlər qoşa p ilə yazılır: guppultu, hoppanmaq, şappıltı, tap­­pıl­tı, toppuz  və s.
 
4.3. Hecalarından biri [k] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [g] kimi tələffüz olunan sözlər qoşa k ilə yazılır: mürəkkəb, mütəkkə, səkkiz və s.
 
4.4. Hecalarından biri [t] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [d] kimi tələffüz olunan sözlər qoşa t ilə yazılır: əlbəttə, hətta, Səttar və s.
 
4.5. Hecalarından biri [kʹ] samiti ilə bitən, sonrakı hecasının ilk samiti [q] kimi tələffüz olunan sözlər qoşa q ilə yazılır: diqqət, doqquz, nəqqaş, saqqal və s.
 
4.6. Mənbə dildə tərkibində qq, ll, mm, pp, tt samitləri olan Avropa mənşəli aşağıdakı alınma sözlər bir samitlə yazılır: aqlütinativ, paralel, teleqram, aparat, apelyasiya, vat və s.
 
4.7. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: fənn, haqq, hiss, xətt, küll, rədd, sirr, zənn, zidd və s.
 
Belə sözlərə samitlə başlanan şəkilçi artırıldıqda, qoşa samitlərdən biri düşür: fənn – fənlər, haqq – haqsız, xətt – xətdən, sirr – sirlər və s. 
 
Qeyd. Hiss və küll sözləri istisnadır. Hiss sözünə yalnız -siz şəkilçisi artırıldıqda, kökdəki s samitlərindən biri ixtisar olunur.
 
4.8. Mənbə dildə qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir sa­mit­lə yazılır: hüsnxət, kilovat, mühüm, rəsmxət və s.
 
4.9. Söz ortasında qoşa s samiti olan aşağıdakı alınma sözlər bir s ilə yazılır: aksesuar, kaset, masaj, pasaj, şose.
 
4.10. Söz sonunda qoşa s samitli aşağıdakı alınma sözlər bir s ilə yazılır: ekspres, konqres, kros, bras, stres.
 
Qeyd. Press (mətbuat) sözü istisnadır. 
 
                                             5. Şəkilçilərin yazılışı
 
 5.1. Tərkibində a-, anti-, ba-, bi-, na-, pre- ön şəkilçiləri olan sözlər bitişik yazılır: anormal, antivirus, baməzə, bisavad, nalayiq, prepozisiya və s.
 
Qeyd. Anti şəkilçisindən sonra xüsusi isim gəldikdə, defis işarəsi qoyulur: Anti-Azərbaycan, Anti-Rusiya və s.
 
5.2. Sözdüzəldici şəkilçilər aşağıdakı üç qaydaya əsasən yazılır:
 
5.2.1. ahəng qanununa tabe olmayan və bir cür yazılan şəkilçilər:
 
-i şəkilçisi: samitlə bitən sözlərdə -i; cənubi, daxili, elmi, həyati, Naxçıvani, şimali, Şirvani, tarixi və s; saitlə bitən sözlərdə isə şəkilçinin əvvəlinə v samiti artırılır: ailəvi, dairəvi, Gəncəvi,                  kütləvi  və s.;
 
-vari şəkilçisi: buynuzvari, qalxanvari, üzükvari, yüngülvari              və s.;
 
-keş şəkilçisi: qayğıkeş, zəhmətkeş, cəfakeş;
 
-daş şəkilçisi: yoldaş, əməkdaş, yurddaş, soydaş;
 
-stan şəkilçisi: samitlə bitən sözlərdə şəkilçinin əvvəlinə ahəng qanununa uyğun olaraq ı, i, u, ü saitlərindən biri artırılır: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan; saitlə bitən sözlərdə isə şəkilçi olduğu kimi qalır: Gürcüstan;
 
-gil şəkilçisi: bacımgil, xalamgil, Əhmədgil və s.;
 
-zadə şəkilçisi: xanzadə, bəyzadə, Axundzadə və s.;
 
5.2.2. iki cür yazılan şəkilçilər:
 
kar samitlə bitən sözlərdə: -qan, -kən; cingiltili samitlə bitən sözlərdə -ğan, -gən şəkilçisi: çalışqan, yapışqan, döyüşkən, sürüşkən,  deyingən və s.;
 
-ağan, -əyən şəkilçisi: qaçağan, güləyən, küsəyən və s.;
 
5.2.3. dörd cür yazılan şəkilçilər:
 
-kı, -ki, -ku, -kü şəkilçisi: axşamkı, bildirki, səhərki,  gündüzkü və s.;
 
sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçisi: darçını, badımcanı, narıncı, çərkəzi, armudu, gümüşü və s.;
 
saitlə bitən sözlərdə bu şəkilçinin əvvəlinə y samiti artırılır: bənövşəyi, buğdayı, xurmayı, sürməyi və s.
 
5.3. Feil köklərindən isim və sifət düzəldən şəkilçilər:
 
5.3.1. kar samitlə bitən sözlərdə:
 
-qı, -ki, -qu, -kü şəkilçisi: asqı, seçki, pusqu, sürtkü və s.;
 
-qın, -kin, -qun, -kün şəkilçisi: satqın, bitkin, tutqun,                 ötkün və s. ;
 
5.3.2. cingiltili samitlə bitən sözlərdə:
 
-ğı, -gi, -ğu -gü şəkilçisi: çalğı, vergi, vurğu, bölgü və s.; 
 
-ğın, -gin, -ğun, -gün şəkilçisi: qırğın, əzgin, yorğun, süzgün və s.
 
5.4. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə, şəkilçidən əvvəl defis qoyulur: 2-yə, 3-də, 5-i, 6-nın, 17-si, 20-dən. Rəqəmlərdən sonra ahəng qanununa görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 2-ci, 3-cü, 6-cı, 10-cu.
 
5.5. Roma rəqəmlərindən sonra şəkilçi yazılmır: beşinci – V, onuncu – X və s.
 
                                      6. Mürəkkəb sözlərin yazılışı
 
6.1. Aşağıdakı hallarda sözlər bitişik yazılır:
 
6.1.1. bir vurğu ilə deyilən müxtəlifmənalı sözlər: arabir, balacaboy, beşillik, beş­mər­təbəli, bugünkü, dilucu, əmioğlu, bacıoğlu, xalaoğlu, gülərüz, günəbaxan, hərgecəki, köhnəfikirli, qalxanabənzər, qanunvericilik, qara­saç­lı, qurultayqabağı, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ucdantutma, ümum­b­ə­şə­ri, yenifikirli və s.;
 
6.1.2. eyni feil kökünün təkrarı və a, ə, ha bitişdiriciləri vasitəsilə yaranan mürəkkəb isimlər: qaçaqaç, kəsəkəs, gəlhagəl, tutatut, vurhavur və s.;
 
Qeyd. Sözün kökü kar samitlə bitdikdə, ahəng qanununa görə a, ə, cingiltili samitlə bitdikdə isə ha bitişdiricisi yazılır. Gethaget sözü istisnadır.
 
6.1.3. eyni sözün təkrarı və ba, bə bitişdiriciləri vasitəsilə yaranan mürəkkəb zərflər: addımbaaddım, aybaay, günbəgün, ilbəil və s.
 
6.2. Tərkibində aero-, aqro-, audio-, avia-, avto-, ekzo-, endo-, elektro-, foto-, makro-, mikro-, mini-, mono-, multi-,       nano-, neo-, oksi-, oliqo-, paleo-, para-, post-, proto-, psevdo-, psixo-, stereo-, super-, tele-, termo-, trans-, ultra-, ümum- morfemləri olan mürəkkəb sözlər bitişik yazılır: aeroklub, aqromüxtəliflik, audioəlaqə, aviasalon, avtopark, endoplazma, mikrocərrahiyyə, elektromaqnit, fotoçəkiliş, miniavtobus, monopredikativ, monokristal, multimilyonçu, nanotexnologiya, nanohissəcik, neofaşizm, neorealizm, oksitetrasiklin, oliqofreniya, paleoxəritə, paramaqnetizm, postsovet, psixonevroloji, postmodernizm, prototürk, stereotəsvir, superdövlət, supermarket, teletamaşa, termoaçar, transmilli, ultrasəs, ümumbəşəri və s.
 
Qeyd. Bu morfemlərin bəziləri xüsusi isimlərə qoşulduqda, defislə yazılır: trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, paleo-Azərbaycan, proto-Azərbaycan, ümum-Azərbaycan, ümum-Avropa və s.
 
6.3. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq aşağıdakı mürəkkəb sözlər defislə yazılır:
 
6.3.1. qoşa sözlər: adda-budda, aşıq-aşıq, az-maz, dedi-qodu, əzik-üzük, həlləm-qəlləm, kağız-kuğuz, qara-qura, qonaq-qara, sür-sümük və s.;
 
6.3.2. tərkibində art-,  eks-,  əks-,  kontr-,  qeyri-, ober-, veb-, vitse- morfemləri olan mürəkkəb sözlər: art-obyekt, eks-prezident, əks-səda, kontr-admiral, qeyri-adi, qeyri-iradi, ober-leytenant, veb-dizayner, veb-səhifə, vitse-admiral;
 
6.3.3. izafət birləşmələri: həddi-büluğ, külli-aləm, külli-ixtiyar, nöqteyi-nəzər, tərcümeyi-hal, tərzi-hərəkət və s.;
 
6.3.4. mürəkkəb coğrafi sözlər: cənub-qərb, şərq-qərb, şimal-şərq və s.;
 
6.3.5. tərkibində mənaca bir-birinə yaxın və ya əks anlayışları bildirən sözlər: ab-hava, adlı-sanlı, ağıllı-kamallı,  az-çox,  baş-ayaq, dərə-təpə, dinməz-söyləməz, elə-belə, gec-tez, iki-üç, naz-qəmzə, nəvə-nəticə,  ölüm-itim, pis-yaxşı, söz-söhbət, təhvil-təslim, ucsuz-bucaqsız və s.;
 
6.3.6. ölçü vahidlərini bildirən isimlər: kiloelektron-volt, kilovat-saat, qram-kalori və s.;
 
6.3.7. birinci tərəfi sifətin dərəcə əlaməti kimi işlənən açıq və tünd sözlərinin, eləcə də müəyyən məna çaları bildirən ala sözünün iştirakı ilə yaranan mü­rək­kəb sifətlər: açıq-sarı, tünd-göy,  ala-seyrək və s.
 
Qeyd. Tərkibində təhər morfemi olan sifətlər istisnadır: bu cür sözlər bitişik yazılır: göytəhər, sarıtəhər və s.
 
                                            7. Köməkçi sözlərin yazılışı
 
 7.1. İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik), saitlə bitən zərflərdən və feillərdən sonra ayrı, samitlə bitən feillərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: uşaq idi,  uşaq ikən, uşaq imiş, gəlirkən, gəlirmiş, gəlməli idi, gəlməli ikən, gecə idi, gecə ikən, gəlməli imiş,  gəlmiş imiş, gəlmişdi və s.
 
Qeyd. Saitlə bitən feillərdən sonra gələn bu köməkçi sözlər ilk saiti buraxılaraq, y bitiş­diri­cisinin əlavəsi ilə bitişik də yazıla bilər: almalıydı, gəlməliymiş, alaydı, alasıydı, gəl­mə­liy­di və s.
 
7.2. Qoşmalar iki cür yazılır:
 
7.2.1. təkhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək və s.;
 
7.2.2. ikihecalı qoşmalar (ilə, kimi, qədər, ötrü, təki, üçün) aid olduqları sözdən ayrı yazılır: gəmi ilə, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün və s. 
 
 Qeyd. 1. İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər: qatarla, qələmlə    və s.
 
2. Etibarilə, məqsədilə, münasibətilə, vasitəsilə sözləri bitişik yazılır.
 
7.3. Mənşəcə mürəkkəb olan bağlayıcılar bitişik yazılır: çünki, habelə, halbuki, həmçinin, hərçənd, hərgah, nəinki, yaxud, yainki              və s.
 
7.4. Tərkibi bağlayıcılar və bağlayıcı sözlər ayrı yazılır: belə ki, buna görə, bu­na görə də, bunun üçün, bununla da, daha da, guya ki, həm də, odur ki, ona görə də, ona görə, onun üçün də, tutaq ki, və ya, və yaxud, kim ki, o zaman ki, onda ki və s.
 
7.5. Ədatlar aid olduqları sözlərdən ayrı yazılır: daha gözəl, dedim də, di get, ən yaxşı, gör ha, lap pis, sən ki və s.
 
-mı, -mi, -mu, -mü; -sana, -sənə, -ca, -cə ədatları aid olduqları sözlərə bitişik yazılır: Qəşəngdirmi? Oxudumu? A kos-kosa, gəlsənə, torbanı doldursana! Yaxşıca dincəldim. İndicə gəlmişik və s.  
 
7.6. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, ha-ha-ha, pəh-pəh, uy-uy, vay-vay və s.
 
7.7. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray.
 
                             8. Birinci hərfi böyük yazılan sözlər
 
8.1. Ad, soyad, təxəllüs və ləqəb bildirən sözlərin (bəy, oğlu və qızı sözlərindən başqa) birinci hərfi böyük yazılır: Nizami Gəncəvi, İmadəddin Nəsimi, Uzun Həsən, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Xan qızı Natəvan, Süleyman Sani Axundov, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli, Mehdi Hüseynzadə, Sə­məd Vurğun, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə və s.
 
Qeyd. Xüsusi isimlər cəm şəkilçisi qəbul etdikdə də böyük hərflə yazılır: Nizamilər, Füzulilər, Hacı Qaralar, Həzi Aslanovlar, Mehdi Hüseynzadələr və s.
 
8.2. Bədii əsərlərdə heyvanlara və cansız əşyalara verilən adlar böyük hərflə yazılır: Alapaça, Badə, Bəng, Bozdar, Qırat, Məstan və s.
 
8.3. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün ilk hərfi böyük yazılır: Azadlıq meydanı, Çaldıran döyüşü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Şuşa qalası, Ver­sal sülhü, Vətən müharibəsi, Yeddiillik müharibə və s. Belə mürəkkəb adlara fərq­lən­di­ri­ci söz əlavə olunduqda, onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü.
 
8.4. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası və s.
 
8.5. Səmavi kitabların, fəza cisimlərinin adları böyük hərflə yazılır: Quran, Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Tövrat, Zəbur, Ülkər, Günəş, Ay, Yupiter, Saturn, Venera və s.
 
8.6. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azər­baycan Respublikasının Baş Naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. mürəkkəb adların tərkibindəki bütün sözlərin (adına, üzrə, yanında, qarşı kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Nəşriyyatı, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s.
 
Qeyd. 1. Tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azər­bay­can­lı­larının Həmrəyliyi Günü və s.
 
2. Məşhur tarixi gün və bayram adlarında yalnız birinci sözün ilk hərfi böyük yazılır:  İyirmi yanvar, İyirmi səkkiz may, Səkkiz mart, Qurban bayramı, Novruz bayramı və s. Həmin günlər rəqəmlə göstərilərsə, 20 Yanvar, 28 May, 8 Mart və s. rəqəmdən sonrakı birinci sözün ilk hərfi böyük yazılır.
 
3. Azərbaycan Respublikasının Səhiyyə naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri  tipli mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük, vəzifə bildirən söz (nazir)  kiçik hərflə yazılır.
 
4. Tərkibində lisey, gimnaziya, vəqf, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda ilk söz böyük, sonrakı sözlər kiçik hərflə yazılır: Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi, BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsi və s.
 
5. Tərkibində okean, dəniz, çay, göl, şəhər, rayon, qəsəbə, kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala, türbə, qoruq, boğaz, düz, ada, burun, körpü, düzənlik, dağ, səhra, dərə sözləri olan adlarda ilk söz böyük hərflə yazılır: Sakit okean, Xəzər dənizi, Qara dəniz, Kür çayı, Baykal gölü, Bakı şəhəri, Salyan rayonu, Şüvəlan qəsəbəsi, Hökməli kəndi, Neftçilər prospekti, Azadlıq meydanı, Əhməd Cavad küçəsi, Şəhidlər xiyabanı, Səadət sarayı, Ramana qalası, Möminə xatun türbəsi, Şirvan qoruğu, Dardanel boğazı, Mil düzü, Nargin adası, Xudafərin körpüsü, Culfa düzənliyi, Kəpəz dağı, Qaraqum səhrası, İynə burnu.
 
8.7. Fəxri adların özək hissəsini təşkil edən ilk söz böyük hərflə, sonrakı sözlər kiçik hərflə yazılır: Əməkdar müəllim, Əməkdar incəsənət xadimi, Xalq şairi və s.
 
Qeyd. Azərbaycanın Milli Qəhrəmanı, Sovet İttifaqı Qəhrəmanı mürəkkəb adlarında hər üç söz böyük hərflə yazılır.
 
8.8. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran və s. adları dırnaqda və böyük hərflə yazılır: "İstiqlal” ordeni, "Azərbaycan Bayrağı” ordeni, "Ata və oğul” povesti, "Yeddi gözəl” baleti, "Uzaq sahillərdə” filmi, "Azər­bay­can” qəzeti, "Cücələrim” kafesi, "Bahar” mağazası, "Badamlı”  mi­ne­ral suyu və s.
 
Qeyd. Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: "Xalq qəzeti”nin bugünkü nömrəsi, "Yeddi gözəl”in ilk tamaşası və s.
 
8.9. Mirzə, hacı, şeyx, seyid, şah, sultan, bəyim və s. sözlər rütbə, ləqəb və titul bildirib, aid olduğu sözlərdən əvvəl gəldikdə böyük hərflə, sonra gəldikdə isə kiçik hərflə yazılır: Hacı Qara, Mirzə Fətəli, Nadir şah, Seyid Əzim, Sultan Süleyman, Şah İsmayıl, Şeyx Nəsrullah və s.
 
Qeyd. Ağa, bəy, xan, xanım sözləri insan adlarının tərkib hissəsi kimi işləndikdə bitişik yazılır: Ağacavad, Ağabəy, Əlibəy, Xanoğlan, Böyükxanım və s. Həmin sözlər adlara qoşularaq titul kimi və ya hörmət məqsədilə işləndikdə isə ayrı yazılır: Abbasqulu ağa Bakıxanov, Nəcəf bəy Vəzirov, Fətəli xan Xoyski, Fatma xanım  Kəminə və s.
 
                                    9. İxtisar və qısaltmalar
 
 9.1. İxtisar və qısaltmalar aşağıdakı kimi yazılır:
 
9.1.1. tam ixtisarlar və qısaltmalar aid olduqları sözlərə uyğun olaraq böyük hərflə yazılır: Azərbaycan Respublikası - AR, Birləşmiş Millətlər Təşkilatı - BMT, Milli Məclis - MM və s.;
 
9.1.2. tam ixtisarlar ümumi isimlərə aid olduqda kiçik hərflə yazılır: metr - m, cild - c, və sairə - və s., və başqaları - və b.;
 
9.1.3. yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akademik – akad., doktor – dok., dosent - dos., professor – prof., Azərbaycan Nəşriyyatı - Azərnəşr və s.
 
9.2. İxtisarlara əlavə edilən şəkilçilər son səsin tələffüzünə uyğun olaraq ya­zılır: AMEA-dan, MDB-nin, UNESKO-nun, İSESKO-da, BDU-ya  və s.
 
                        10. Sözün sətirdən sətrə keçirilməsi
 
10.1. Sözlər sətirdən sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lər və s.
 
Sözün bir saitdən ibarət olan hecasını sətrin sonunda saxlamaq və ya yeni sət­rə keçirmək olmaz: a-ilə, a-zadlıq, iddi-a və s. Bu qəbildən olan sözlər sətirdən sətrə bu şəkildə keçirilir: ai-lə, azad-lıq, id-dia və s.
 
10.2. Saylar rəqəmlə yazıldıqda, onlara artırılan şəkilçilər sətirdən sətrə ke­çi­ril­mir: 5-cilər, 7-ci, 9-da və s.
 
10.3. Mürəkkəb ixtisarlar və onlara artırılan şəkilçilər sətirdən sətrə keçirilmir.
 
10.4. Ad və ata adlarının bir hərfdən ibarət qısaltmalarını (M.F.Axundzadə, M.S.Ordubadi, Y.V.Çəmənzəminli və s.) sətrin sonunda saxlamaq olmaz.
 
ATV.az

BUNU DA OXU

Yuxuda ağlamağın mənası nədir ?
Знаменитый российский хоккеист пойман на кокаине и дисквалифицирован ИИХФ на четыре года
12 симптомов, которые могут свидетельствовать о раке
Naxçıvana avtobusla gedənlərə şad xəbər - 15 saatlıq yolu 10 saata qət etmək mümkün olacaq
Prokurorluq orqanlarına işə qəbul - Növbəti mərhələdə 120 namizəd iştirak edib
Xəbər lenti

Beynəlxalq hərbi-musiqi festivalı - Azərbaycan festivalda ilk dəfə iştirak edir
21:44 24.08.2019

Kənd təsərrüfatının inkişafı - Dövlət fermerlərə dəstəyini artırır - VİDEO
21:12 24.08.2019

Qeydiyyatın bitməsinə üç gün qaldı - 97 faiz abituriyent qeydiyyatdan keçib
20:46 24.08.2019

“Bailu” qasırğası tüğyan edir - Bununla bağlı “Sarı” səviyyəli xəbərdarlıq elan edilib
20:15 24.08.2019

G7 sammiti başladı - Avqustun 26-dək Fransanın sədrliyi ilə davam edəcək
19:50 24.08.2019

“Qara qartallar” üç qolla sevindi - “Beşiktaş” ilk turdakı məğlubiyyətin əvəzini çıxdı
19:19 24.08.2019

Honkonqda hökumət əleyhinə etirazlar davam edir - Xəsarət alanlar var
18:53 24.08.2019

“Khaleej Times” qəzetində Milli Xalça Muzeyinə həsr olunmuş məqalə dərc olunub”
18:18 24.08.2019

107 yaşlı məscid yenidən bərpa olunur - Məscid əvvəlki görkəminə qaytarılacaq
17:59 24.08.2019

Dünya çempionatında cüdoçularımızın rəqibləri məlum olub
17:32 24.08.2019

Rusiyada magistral yolda qəza - 5 nəfər həyatını itirdi
17:05 24.08.2019

Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndə heyəti “World Skills” müsabiqəsinə qatılıb
16:40 24.08.2019

D.Tramp :“Bu cavab addımıdır” - Çindən gələn malların rüsumunu artırır
16:17 24.08.2019

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
15:56 24.08.2019

Sabahın havasını bu gün öyrənib - İstirahətinizi havaya uyğun planlaşdırın
15:27 24.08.2019

Azərbaycanın xarici dövlət borcu azalıb - Xarici borcun ÜDM-ə nisbəti 19% təşkil edib
15:00 24.08.2019

Bu il 300-dən çox sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətləri ilə təmin edilib
14:38 24.08.2019

Yuxuda ağlamağın mənası nədir ?
14:14 24.08.2019

Rafael Dadaşov və Nazpəri Dostəliyevadan canlı ifa - VİDEO
13:45 24.08.2019

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsi 4 santimetr azalıb
13:23 24.08.2019

90 nəfər vəkilliyə namizəd Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunacaq
13:00 24.08.2019

Məşhur italiyalı aktyor vəfat edib - FOTOLAR
12:29 24.08.2019

Ukraynadakı soydaşımız dövlət ordeni ilə təltif edilib - FOTOLAR
12:05 24.08.2019

Neftin qiyməti ucuzlaşıb
11:42 24.08.2019

В Финляндии запретили... шиповник
11:15 24.08.2019

Samir Piriyev "TAP - QAZAN" verilişində - "По любви" - VİDEO
10:52 24.08.2019

Qəbələdə meşə zolağında yanğın olub - Helikopter və təyyarə cəlb edilib
10:31 24.08.2019

Pambıq yığımına hazırlıq - Bu il yüksək məhsuldarlıq gözlənilir
10:05 24.08.2019

Yaponiyada yay hərbi təlimləri nümayiş etdirilib - 2400-dən çox şəxsi heyətlə
22:30 23.08.2019

Conson Makronla görüşdə ayağını masanın üzərinə qoydu
22:02 23.08.2019

Münsiflər heyyəti bu "ifadan" şoka düşdü - VİDEO
21:41 23.08.2019

Amazon yanır - Fransa prezidenti meşə yanğınlarını beynəlxalq böhran adlandırdı
21:19 23.08.2019

Braziliyada amazon meşələrində 74,000 yanğın qeydə alınıb - Prezident qeyri-hökumət təşkilatlarını günahlandırıb
20:52 23.08.2019

1 ton 183 kiloqram narkotik vasitə müsadirə olunub - İranda
20:26 23.08.2019

Türkiyədə dəhşətli qətl - Övladının gözü qarşısında anasının boğazını kəsdi
20:02 23.08.2019

Müdafiə Nazirliyinin məlumatı - Hava hücumundan müdafiə vasitələri döyüş atışlarını icra edib
19:40 23.08.2019

Vətəndaşlarla canlı bağlantı yaradıldı - Müraciətlər onlayn qaydada dinlənildi
19:19 23.08.2019

9 yaşlı Ömər uşaq evinə verildi - Zəncirlənən uşaq hazırda həkim müayinəsindədir
18:51 23.08.2019

Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
18:30 23.08.2019

Gömrük baxışı keçirildi - 67 ədəd mobil telefon aşkar olundu
18:08 23.08.2019

Знаменитый российский хоккеист пойман на кокаине и дисквалифицирован ИИХФ на четыре года
17:45 23.08.2019

"Elit məşq" təqdim olundu - Layihəyə 26 məşqçi cəlb ediləcək
17:17 23.08.2019

Ramin Quluzadə Tovuzda vətəndaşları qəbul edib - Bir sıra müraciətlər yerindəcə həll edilib
16:55 23.08.2019

Yun bağlama yanğına səbəb oldu - Hacıqabulda
16:33 23.08.2019

Kubada avtomobil dərəyə aşıb - Ölənlər var
16:06 23.08.2019

Dünya hitləri.1977-ci il. - "The Eagles" - "Hotel California" - VİDEO
15:50 23.08.2019

Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib - 76 nəfərin müraciətinə baxılıb
15:30 23.08.2019

ABŞ prezidenti G7 sammiti çərçivəsində bir sıra ölkələrin liderləri ilə görüşəcək
15:06 23.08.2019

Şənbə günü dəniz suyunun temperaturu 28 dərəcə olacaq
14:45 23.08.2019

Sehirli caz dəqiqələri. 1999-cu il. - Emil Əfrasiyab - "Gazelli" - VİDEO
14:24 23.08.2019

Bunu bilirdiniz? - Yuxuda pul görməyin mənası
14:00 23.08.2019

Çernobıl faciəsi - Fəlakətdən turizmə... - FOTOLAR
13:39 23.08.2019

Əfqanıstanda hərbi bazaya hava hücum edilib - Azı 20 silahlı öldürülüb
13:17 23.08.2019

26 il ötdü - Füzuli və Cəbrayılın işğalı günüdür
13:00 23.08.2019

12 симптомов, которые могут свидетельствовать о раке
12:38 23.08.2019

19-cu beynəlxalq gənclər forumu keçirilib - 2018-ci ildə 44 ton qan tədarük olunub
12:11 23.08.2019

Nur-Sultanda “Etnos günü” festivalında qədim adətlərimiz nümayiş olunub
11:45 23.08.2019

"Neftçi" bəyanat yaydı
11:22 23.08.2019

Övladını zəncirləyən ana ilə bağlı cinayət işi açıldı
11:00 23.08.2019

Ağsuda meşə yanıb - Əraziyə helikopterlər cəlb edildi
10:41 23.08.2019

"Qarabağ" yenə azarkeşlərimizi məyus etdi - Bu dəfə Avroliqada
10:20 23.08.2019

İndoneziyada aksiyalar davam edir - Polis gözyaşardıcı qazdan istifadə edib
09:58 23.08.2019

Eldəniz Məmmədov “TAP QAZAN”da - “Kənd havası” - VİDEO
09:35 23.08.2019

Daha bir “KOB Dostu” fəaliyyətə başladı - Kiçik və orta sahibkarlığa xidmət göstəriləcək
21:45 22.08.2019

Taxta bazarı yanır - Yanğında iki FHN əməkdaşı xəsarət alıb
21:21 22.08.2019

Kitabxanaya müxtəlif adda kitablar hədiyyə edilib
20:58 22.08.2019

Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi - Yeni Azərbaycan partiyasında konfrans keçirildi
20:35 22.08.2019

Şəmkirdə Xidmət rəisi vətəndaşlarla görüşdü - Qəbul zamanı problemlərin əksəriyyəti həll edildi
19:55 22.08.2019

İki yeni qatar xəttə buraxıldı - Bu ayın sonuna kimi Bakı Metropoliteninə daha iki qatar gətiriləcək
19:29 22.08.2019

Liderlər yenidən bir araya gələcək - Sentyabrın 16-da Ankara sammiti baş tutacaq
19:10 22.08.2019

Ermənistan BMT-də təxribata əl atdı - Azərbaycan cavab tədbiri gördü
18:48 22.08.2019

Günvurmadan özünüzü qoruyun - Sabah hədsiz isti hava olacaq
18:22 22.08.2019

Süni qiymət artımı yaradan sahibkarlara qarşı tədbirlər görüləcək
18:00 22.08.2019

Ermənistanda etirazlar səngimir - Bu dəfə əsgər valideynləri aksiya keçiriblər
17:38 22.08.2019

Bu gün: "Linfild" - "Qarabağ"
17:17 22.08.2019

Bəzi gənclərin xaricdə təhsil haqqını Gənclər Fondu ödəyəcək
16:54 22.08.2019

İran "Bavər-373" zenit-raket kompleksini təqdim edib - Kompleks tam şəkildə İranda layihələndirilib
16:33 22.08.2019

Bərdədə yaşıllıq ərazisində yanğın olub - Ağaclar yararsız hala düşüb
16:10 22.08.2019

Аzyaşlını tok vurdu - Həyatını xilas etmək mümkün olmayıb
15:49 22.08.2019

Xəmir mayalamadan tavada super ləzzətli pizza resepti - VİDEO
15:30 22.08.2019

Bütün xəbərlər